MİLLİ MƏTBƏXİN TACI: ŞAH PLOV

Əslində Şah plov adı çəkiləndə hər kəsin təsəvvüründə ən çətin plov növü canlanır, bir sıra xanımlar onu bişirməkdən çəkinirlər. Əslində isə şah plov çox da çətin yemək deyil, hətta bəzi plovlardan daha asan hazırlanır, həm də çox dadlı olur.

MİLLİ MƏTBƏXİN TACI: ŞAH PLOV

Ərzaqlar:
Uzun düyü – 400 qr.
Kərə yağı – 450 qr.
Qoyun əti (istəyə görə mal əti də olar) – 500 qr.
Şabalıd  - 250 qr.
Quru ərik – 200 qr.
Kişmiş – 150 qr.
Soğan – 1 ədəd
Dördbucaqlı lavaşlar – 5-6 ədəd
Ədviyyatlar: zəfəran, qara yumru istiot, qırmızı istiot
Duz – 2 x.q.

2isp-1024x683

Hazırlanması:

  1. Əvvəlcə düyünü yaxşıca yuyub 2 saat onu islağa qoyursunuz.
  2. O hazır olana kimi isə qoyun ətini (və ya mal ətini) kiçik tikələrə bölürsünüz (təxminən şabalıd boyda) və bişənə kimi qaynadırsınız.
  3. Növbə şabalıdlarındır. Onları asanlıqla təmizləmək üçün hər birinin qabığını azca qopardıb qaynayan suya salırsınız. Suyu azca duzlamaq məsləhətdir. 2 dəqiqə qaynadıqdan sonra şabalıdları sudan çıxarıb təmizləyə bilərsiniz.
  4. Kişmiş və quru ərikləri də yaxşıca yuyub qurudursunuz və 4 hissəyə bölürsünüz.
  5. Ədviyyatları hazırlayırsınız: 5-6 ədəd qara yumru istiot və bir çimdik duzu həvəngdə əzib, üstünə çay qaşığının ucunda zəfəran tökürsüz və həmcins olana kimi əzirsiniz. Sonra bu qarışığa qırmızı istiotu da əlavə edirsiniz.
  6. Soğanı yarımhalqa şəklində doğrayırsınız. Qızılı rəng alana kimi yağda qızardırsınız. Üzərinə əti, quru əriyi, kişmiş və şabalıdı töküb, qarışdırırsınız. Onları azca qızardırsınız. Sonra ədviyyat qarışığını da tavaya əlavə edirsiniz.

1isp-1024x672

7. 5 litrlik qazanda suyu qaynadıb, 1,5 x.q. duz əlavə edirsiniz. Sonra qaynayan suya düyünü tökürsüz və 5 dəqiqə qaynadırsınız. Amma siz düyünün bişib-bişmədiyini bilmək üçün mütləq dadına baxmalısız. Tam bişməsə yaxşıdır, çünki hələ sobada da bişəcək. Düyünü süzürsüz.
8. İndi də zəfəranı dəmləyək. Bir çimdik zəfəranla duzu həvəngdə əzib qarışdırırsınız. Sonra stəkana tökürsünüz və üzərinə 100 ml. qaynar su tökürsünüz. Stəkanın ağzını örtüb kənarda dəmlənməsi üçün qoyursunuz.
9. 5 litrlik qazan götürürsünüz. Dördkünc lavaşları zolaq-zolaq kəsirsiniz (eni təxminən 7-8 sm). Hər lavaş zolağını yağlayırsınız və qazana yerləşdirirsiniz (videodakı kimi). Qazanın kənarları və içi lavaşla örtüldükdən sonra onun içini yenə yağlayırsınız. Bir qat düyü tökürsüz. Üzərinə zəfəran və yağ gəzdirirsiniz. Sonra hazır ətli, quru meyvəli qovurmanı tökürsüz. Qalan düyünü də əlavə edib, yağ-zəfəranı süzəndən sonra lavaş zolaqlarını üst-üstə gətirərək sanki plovun üstünü örtürsünüz.
10. Qazanı folqaya bükürsüz. Kağızın üstünü dişçöpü ilə bir neçə yerdən deşirsiz. Sobaya qoyursunuz və 180 dərəcədə 50-55 dəqiqə bişirirsiniz. 25 dəqiqə sonra folqanı açın ki, lavaş yaxşı qızarsın.

3isp1-1024x683

Şah plov hazır olan kimi onu səliqə ilə qazandan boşqaba çevirin. Boşqabın ölçüsü qazanla bərabər olmalıdır. Plovu iti bıçaqla dilimləyin. Nuş olsun!


Baxılıb:3597

# şah # yağ # lavaş # ət # mətbəx #milli # plov