Moldovada “Azərbaycan səhər yeməyi” (Video)

Bu gözəl və işgüzar xanım Natavan Makili-Əliyevadır. Moldovadakı səfirimizin həyat yoldaşıdır. Özü kimi əl qabiliyyəti də gözəldir və həm də ağız dadını bilən qurmandır. İşi təkcə dadlı yeməklər hazırlayıb, ailə üzvlərinə, qonaqlara təqdim etmək deyil! Natavan xanım qürbət ölkədə Azərbaycanın milli mətbəxini də təbliğ edir.

Hələ keçən il Moldovanın paytaxtı Kişinyovda “Əsl Bakı xanımının qonağıyıq” kitabının nümayişi böyük səs-küyə və marağa səbəb oldu. Oxucularını Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə tanış edən müəllif kitabda həm milli mətbəxə, həm də özünə aid xüsusi reseptlərə yer vermişdi. Onun kitabı mətbəx sirlərinə yiyələnmək istəyən hər kəs üçün dəyərli xəzinədir. Kitabın xarici ölkələrdə yayılması isə bizim üçün yalnız fəxarət ola bilərdi!

Natavan xanım oralarda yenə də dinc durmur, bu dəfə TNTbravo kanalının “Neata” verilişinin jurnalistini səhər yeməyinə dəvət edərək, ölkəmizin zəngin və dadlı səhər süfrəsini bu veriliş və kanal vasitəsilə bütün Moldovaya nümayiş etdirib, “bunlar bizimdir, milli yeməklərimiz və şirniyyatlarımızdır” deyə səslənib.
(Verilişə baxmaq üçün linkdə daxil olun )

Videodan da gördüyünüz kimi, jurnalist süfrənin bolluğuna, nemətlərin dadına valeh olur. Patentləşdirilmiş “Azerbaijan breakfast” (“Azərbaycan səhər yeməyi”) turistlər üçün artıq bir brendir. Sırf bu səhər süfrəsini dadmaq üçün ölkəmizə axışan turistlər də az olmur.

Təndir çörəyi, lavaş, brınza, motal pendir, qaymaq, yağ, bal – bunlar səhər yeməyinə daxildir. Həmçinin ən dadlı və zərif Azərbaycan lavaşının üzərinə pendir yaxıb, keşniş, rehyan, yaşıl soğan yarpaqları və xiyar-pomidor dilimi düzüb, lavaşı bükürük, bu da çox faydalı səhər yeməklərdindən daha biridir. Masada həmçinin milli mətbəximizdən çox xeyirli göyərti küküsünə də rast gəlirsiniz. Müxtəlif göyərti növlərindən və yumurtadan hazırlanmış kükünün ətri səhər tezdən insanı bir qədər də iştaha gətirir. Pomidor-yumurta – səhər tezdən kim ona “yox” deyə bilər ki?!

Dadlı səhər yeməklərindən sonra mürəbbələrlə çay içmək də azərbaycanlılara xasdır. Masada bir cür deyil, bir neçə cür mürəbbə növlərinə rast gələ bilərsiniz! Onlardan başqa çayla içmək üçün milli şirniyyatlardan mutaki, qoğal, kətə və s. də təklif edilir.
Bir sözlə, “Azərbaycan səhər yeməyi” olduqca maraqlı, dadlı və faydalıdır. Əminik ki, turislərin də yaddaşında dadlı xatirə kimi qalacaq!

Qeyd:Azerbaijan breakfast” layihəsi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qaydada qeydiyyatdan keçirilib və layihə üzərində Mədəniyyət və Turizm Nazirliyinin müstəsna hüquqları tanınıb.


Baxılıb:1687

# yemək #səhər # dadlı # qəlyanaltı # pendir