MİLLİ MƏTBƏX: BADIMCAN DOLMASI

Bu gün biz sizə yay fəslinin ən məşhur, gözəl, rəngarəng yeməyi olan Badımcan dolmasının reseptini təqdim edəcəyik. Düzdür, bu yeməyin hazırlanmasında cüzi fərqlər, ədviyyat, ərzaq artımı ola bilər, amma olsun!
Bu dolma hər zaman sevilir, dadlıdır və SÜFRƏLƏRİN BƏZƏYİDİR, milli mətbəxin fəxridir!

Ərzaqlar:
Badımcan – 5 ədəd
Bibər – 5 ədəd
Pomidor – 5 ədəd
Çəkilmiş ət (mal və ya quzu – zövqdən asılı olaraq) – 500 qr.
Baş soğan – 2 ədəd
Duz – istiot
Bitki yağı, kərə yağı
Zövqdən asılı olaraq içliyə göyərti də vurmaq olar.

Hazırlanması:

Əvvəlcə içliyi hazırlayaq. Ət, soğan maşından keçirilir. Farş tavaya tökülür, üzərinə 1 st. su alınır, orta odda bişirilir. Su çəkilən kimi qiyməyə kərə yağı, duz, istiot vurulur, bir qədər də qovrulur, qızardılır, oddan götürülür.

Qeyd: Zövqdən asılı olaraq, içliyə reyhan, keşniş, şüyüd xırdalayıb, tökə bilərsiniz.

İçlik hazır, indi tərəvəzlərə başlayaq. Badımcanların saplağı kəsilir, “qarnı yarılır”, içi duzlanır və azı 15-20 dəqiqə bir kənarda saxlanılır ki, acılığı çıxsın. Pomidorların başı papaq kimi kəsilir, içi qaşıqla ovulur. Pomidorun içini xırdalayıb, qiyməyə də qatmaq olar. Bibərlərin də yuxarı hissəsi papaq kimi kəsilir, içi təmizlənir.
Badımcanlar qaynar suya salınır və 5-7 dəqiqə pörtlədilir, soyudulur. Tərəvəzlərin içi azca duz-istiotlanır, içliklə doldurulur. Səliqə ilə dərin tavaya düzülür, üzərinə ¼ st. su və kərə yağı əlavə edilir, vam odda 35-40 dəqiqə - yağa düşənə kimi bişirilir. Nuş olsun!


Baxılıb:19760

# badımcan # üç qardaş # milli # mətbəx #dolma # resept # pomidor # bibər