TURŞULAR BİZİ NİYƏ ZƏHƏRLƏYİR?

Yay boyunca xanımlarımız tər-qana bulaşıb turşu, şoraba bağlayır ki, qışda bəh-bəhlə yesin, yeməyin yanında ailəsinə təqdim etsin. Amma bəzən açılan bankalar zəhər saçır və bütün ailənin ağır zəhərlənməsi, hətta ölümü ilə nəticələnir...

Min bir əziyyətlə bağladığımız bu turşular axı niyə zəhərlənmə verir? Nəyə düzgün əməl etmirik? Sufrem.az çox aktual mövzulardan birini gündəmə gətirir.

Ən birinci şərt turşuya qoyulacaq tərəvəzlərin, meyvələrin təzə, saf olması və təmiz yuyulmasıdır. Çünki zəhərlənməyə səbəb olan botulizm çöpləri xarab, kifli, natəmiz ərzaqlarda olur. Həmin mikroblar qapalı şəraitə düşən zaman çoxalır, nəticədə qış vaxtı turşu bankasından yediyiniz belə mikroblu tərəvəzlər dərhal ölümcül zəhərləyə bilir.

Belə zəhərlənmələrin ilk əlaməti ürəkbulanması, qarında köp hissi və kəskin ağrılardır. İlkin yardım kimi xəstənin mədəsi yuyulmalıdır.

Turşu bankasının qapağı şişibsə, suyunun rəngi dəyişibsə, bulanıqdırsa, onu qətiyyən istifadə etməyin!

Turşu bağlayan zaman banka və qapaqlar qaynar su ilə steril edilməli, içində zərrə qədər də olsun toz, qırıntı, torpaq olmamalıdır. Paslı qapaqlar istifadə edilməməlidir!

Bəzi ailələr də var ki, bir banka turşunu açıb bir hissəsini istifadə edir, qalanını isə atmırlar, saxlayırlar. Bu zaman da zəhərlənmə baş verə bilir. Həmin turşudan istifadə edən insanın orqanizmi mikroba dözümlüdürsə, o, ölümdən xilas ola bilir, amma zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir.

Turşunu plastik qabda saxlamaq ikiqat zəhərdir. Çünki plastik qabların tərkibində zəhərli kimyəvi elementlər olur. Bu elementlər sirkə ilə reaksiyaya girəndə dəhşətli tərkib yaranır.

Turşu tutarkən və alarkən sadalanan norma və qaydalara əməl etmək vacibdir. Əks halda bu sizə sağlamlığınız bahasına başa gələ bilər. 


Baxılıb:3764

# tədarük # qış #turşu # fəsad # zəhərlənmə # diqqət # şoraba # tutma