SİZ DƏ KARTOFLARI DUZLAYIB SONRA QIZARDIRSIZ? DEMƏK Kİ, SƏHV EDİRSİZ!

Kartof qızartması - ən asan və çox dadlı yeməkdir. Hələ elə birinə rast gəlməmişik ki, qızartma kartofu sevməsin. Pəhrizdə olanlar, ziyanını bilənlər belə bu yeməyin ətrinə dayana bilmirlər... Gəlin bu dəfə özümüz üçün bayram edək: dadlı və ləzzətli kartof qızartması bişirək, həm də bunu daha düzgün şəkildə edək!

Xırçıltılı, qızarmış kartof üçün bunları bilməliyik:

Sirr 1

Kartofun qabığını soyub doğradıqdan sonra onu soyuq suda saxlamaq lazımdır. Bu onun üçün lazımdır ki, tərkibindəki nişasta getsin və daha yaxşı qızarsın, əzilməsin. İsti su ilə yuduqda nişasta tərkibində qalır və kartof yaxşı qızarmır. Kartof dilimləri soyuq suda 30 dəqiqə, 1 saat qalsa, kifayətdir.

Sirr 2

Kartofları yuduqdan sonra mütləq qurulayın. Qurulamaq o demək deyil ki, aşsüzəndən süzüb tavaya tökəsiz. Xeyr! Salfet və ya suyu canına hopduran dəsmalla kartoflar yaxşıca qurulanır. Bu, onun qırmızı qızarması üçün çox vacibdir.

Sirr 3

Kartofları qızardacağınız tava da, yağ da qaynar olmalı və yağı bol etməlisiniz.

Sirr 4

Kartofları heç vaxt duz-istiotlayıb, hər hansı bir ədviyyatı vurub tavaya tökməyin. Bu zaman onlar nəmlənir, yaxşı qızarmır, əzilir. BİR QAYDA OLARAQ, KARTOF SONDA ƏDVİYYATLANIR. Belə ki, qızarmış kartofları salfet sərilmiş boşqaba tökürsüz, yağı canına çəkəndən sonra duz, istiot, oreqano, sarıkök (zövqdən asılı olaraq) ədviyyatlarını səpirsiz.

Sirr 5

Kartof qızartdığınız tavanın qapağını heç vaxt bağlamayın. Kartoflar ağzı açıq tavada qızarmalıdır, sona kimi...

Sirr 6

Bir tavaya çox kartof tökməyin, uzağı 2-3 qat. Kartofunuz çoxdursa, daha böyük tava seçin.

Sirr 7

Qızarmış kartofların möhtəşəm ətri üçün sizə daha 2 üsulu təqdim edirik. Tavada isinən yağda 2-3 diş sarımsağı qızardıb götürün, sonra kartofları tökün. Ya da həmin qaynar yağa 2-3 ədəd rozmarin (bibəriyyə) otu atın, bir neçə dəqiqə sonra çıxarıb kartof dilimlərini əlavə edin. Bu cür qızarmış kartofların ətri sizi dəli edəcək!

Nuş olsun!


Baxılıb:24203

# qızartma #kartof # asan # dadlı # ətirli # sirr