Ici doldurulmuş şampinyonlar

Toyuq və pendirli
Mmm… ləzzətli

Payızda çəkinmədən göbələkli menyu hazırlayın. İri göbələkləri alıb içini doldurun. Bu sadə reseptdəki kimi...

Ərzaqlar:

Toyuq filesi – 500 qr.
Feta pendiri – 70 qr.
Iri, təzə şampinyon göbələyi – 10-12 ədəd
Xama – 4 x.q.
Un – 1 x.q.
Göyərti cəfəri, şüyüd
Duz, istiot
Bitki yağı – 1 x.q.

Hazırlanması:

Şampinyonlar yuyulur, qurudulur, iti bıçaqla ucu kəsilir, içi azca oyulur yuva kimi açılır. Soba üçün formaya perqament sərilir, göbələklər içi yuxarı bir az aralı olmaqla düzülür.
Toyuq filesi çox nazik və xırda doğranılır. Tavada yağ dağ edilir və orta odda toyuq filesi müntəzəm qarışdırmaqla 5-7 dəqiqə qızardılır.
Göbələyin papaq hissəsindən kəsdiyiniz hissələri də xırda doğrayın. Bunu da tavadakı toyuğa qatıb, birlikdə daha 5 dəqiqə tez tez qarışdırmaqla bişirin.
Ayrıca qabda unla xamanı qatıb qarışdırın. Odu azaldıb, bu qarışığı tavadakına əlavə edin, duz istiot qatın daim qarışdırmaqla 5 dəqiqə bişirin. Ta ki qarışıq qatılaşana kimi. Oddan götürüb, kənarda soyudun.
O soyuyana kimi sobanı 180 dərəcə isidin.
Feta pendirini sürtfəcdən keçirib, toyuqlu kütlə ilə qarışdırın. Bura xırdalanmış göyərtini də əlavə edib, qarışdırın. Çalışın çox da əzilməsin.
Indi göbələyi bu içliklə doldurun. Hər göbələyə 2 qaşıq içlik gedəcək.

Formanı sobaya qoyub, 15 dəqiqə bişirin.
Sobadan çıxarıb. Azca soyudub, süfrəyə verin.


Baxılıb:4645

# dadlı #tez # şampinyon